Rusiyanın keçmiş əmək nazirinin müavini Aleksey Sklyarın meyiti Yeni Moskvada tapılıb.
Hafta.az xəbər verir ki, ilkin məlumata görə, o, intihar edib.
TASS Agentliyinin məlumatına görə, Sklyar 15 yanvar səhəri Filimonkovskoye qəsəbəsindəki şəxsi evində ölü tapılıb.
Bildirilir ki, keçmiş məmur ölümündən əvvəl Telegram kanalında vida mesajı yazıb və orada həyat yoldaşının "hər şeydə günahkar olduğunu" bildirib.
Hadisə yerinə gələn təcili yardım xidməti əməkdaşlarının cəsədin yanında tapança tapdığı bildirilib.
Aleksey Sklyarın dul qalmış arvadı Yuliya Sklyar jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, "ciddi emosional stress vəziyyətində olduğunu əsas gətirib".
Ailəyə yaxın mənbələr Telegram kanalına bildiriblər ki, cütlük "son bir neçə ildə qısqanclıq üzündən münaqişələr və mübahisələr yaşayıb". Sklyarın 50 yaşı var idi. O, 2018-ci ildən 2022-ci ilə qədər Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemləri və elektron dövlət xidmətlərinin göstərilməsi ilə bağlı məsələlərə nəzarət edib.
Baş nazir Mixail Mişustinin sərəncamında onun könüllü istefa verdiyi bildirilirdi.